Amerikaya viza almaq çoxlarına çətin və uzun bir proses kimi görünür. Əslində isə prosesin özü sadədir: onlayn forma, rüsum, müsahibə. Çətin olan müsahibənin özüdür, çünki konsul qərarı bir neçə dəqiqə ərzində, sizinlə üz-üzə danışaraq verir və bu qərara etiraz etmək mümkün deyil.
Son bir ildə qaydalar xeyli dəyişib. Müsahibəsiz viza uzatmaq imkanı ləğv edilib, yeni 250 dollarlıq rüsum tətbiq olunmağa başlayıb, ABŞ-ın səyahət qadağası siyahısı genişlənib. İnternetdəki yazıların çoxu bu dəyişiklikləri əks etdirmir.
Bu yazıda Amerikaya viza ilə bağlı hazırda qüvvədə olan qaydaları, xərcləri, sənədləri və müsahibədə diqqət edilməli məqamları bir yerə yığmışıq. Söhbət əsasən turist və işgüzar səfərlər üçün verilən B1/B2 vizasından gedir.
Amerikaya viza növləri: turist üçün hansı lazımdır?
Qısamüddətli səfərlər üçün B1/B2 vizası alınır. B1 işgüzar səfərlər, yəni görüşlər, konfranslar və danışıqlar üçündür, B2 isə turizm, qohum ziyarəti və müalicə üçün. Praktikada ikisi bir vizada birləşdirilir və pasporta «B1/B2» yazılır, ona görə ayrıca seçim etməyə ehtiyac yoxdur.
Azərbaycan vətəndaşları üçün bu viza adətən 12 ay müddətinə və çoxdəfəlik verilir. Hər girişdə nə qədər qalacağınızı isə sərhəddəki miqrasiya əməkdaşı müəyyən edir, adətən 6 aya qədər icazə verilir. Oxumaq üçün F, mübadilə proqramları üçün J, işləmək üçün isə H kateqoriyalı vizalar var, amma onlar ayrıca mövzudur.
| Viza növü | B1/B2 (işgüzar və turist) |
| Etibarlılıq müddəti | 12 ay, çoxdəfəlik |
| Konsulluq rüsumu | 185 dollar + viza verilərkən 250 dollar |
| Müraciət hara verilir? | Onlayn (DS-160), müsahibə ABŞ-ın Bakıdakı səfirliyində |
| Müsahibə növbəsi | Hazırda Bakıda 2 həftədən az |
| Pasport nə vaxt qayıdır? | Müsahibədən sonra adətən 5–10 iş günü |
Amerikaya viza neçəyə başa gəlir?
Əsas rüsum 185 dollardır. Bu məbləğ müsahibədən əvvəl ödənilir və nəticədən asılı olmayaraq geri qaytarılmır. Yəni viza rədd edilsə də, pul yanır.
2025-ci ilin iyulunda qəbul edilmiş qanunla buna 250 dollarlıq «viza bütövlüyü rüsumu» əlavə olunub. Bu rüsumun fərqi ondadır ki, müraciət zamanı yox, viza verilərkən ödənilir. Rədd cavabı alanlar onu ödəmir. Rüsumun tətbiqi 2026-cı ildə mərhələli şəkildə başlayıb, ona görə müraciətdən əvvəl səfirliyin səhifəsində cari məbləği yoxlamaq lazımdır. Ümumilikdə bir nəfər üçün rüsumlar 435 dollara çata bilər.
Müqayisə üçün deyək ki, Şengen vizası Azərbaycan vətəndaşlarına 35 avroya başa gəlir. Amerika vizası bahadır, amma 12 aylıq çoxdəfəlik olması və hər səfərdə 6 aya qədər qalmaq imkanı verməsi bu fərqi müəyyən qədər kompensasiya edir.
Ətraflı oxu: Almaniyaya viza necə alınır? Azərbaycan vətəndaşları üçün ətraflı bələdçi
2025-ci ildən sonra nə dəyişib?
Müsahibəsiz uzatma daha yoxdur
Əvvəllər vizası bitmiş və ya bitməyə yaxın olan şəxslər müsahibəyə gəlmədən, sadəcə sənədləri göndərməklə yeni viza ala bilirdi. 2025-ci il oktyabrın 1-dən bu imkan demək olar ki, hamı üçün ləğv edilib. İndi 14 yaşdan kiçik uşaqlar və 79 yaşdan böyük şəxslər də daxil olmaqla, hər kəs müsahibəyə şəxsən gəlməlidir. Yeganə istisna eyni kateqoriyada vizası 12 aydan az müddət əvvəl bitmiş şəxslərdir, onlar üçün konsul müsahibəni tələb etməyə də bilər, amma bu, hüquq yox, konsulun ixtiyarındadır.
Yalnız öz ölkənizdə müraciət edə bilərsiniz
Bir vaxtlar Bakıda növbə uzun olanda bəziləri Tbilisi və ya İstanbuldakı səfirliyə müraciət edirdi. Bu yol da bağlanıb. Müraciət ya vətəndaşı olduğunuz, ya da rəsmi yaşadığınız ölkədə verilməlidir. Azərbaycan vətəndaşı üçün bu, Bakıdakı səfirlik deməkdir. Xoşbəxtlikdən Bakıda növbə hazırda qısadır, müsahibə vaxtı adətən 2 həftə ərzində tapılır.
Səyahət qadağası Azərbaycana aiddirmi?
2026-cı il yanvarın 1-dən ABŞ 39 ölkənin vətəndaşlarına tam və ya qismən giriş qadağası tətbiq edir. Azərbaycan bu siyahıda yoxdur, yəni turist və işgüzar vizalar əvvəlki kimi verilir.
Amma bir məqamı bilmək lazımdır. Yanvarın 21-dən ABŞ 75 ölkə, o cümlədən Azərbaycan üçün immiqrant vizalarının, yəni daimi yaşamaq üçün verilən «green card» tipli vizaların verilməsini müvəqqəti dayandırıb. Bu qərar məhkəmədə mübahisələndirilir və turist vizasına heç bir aidiyyəti yoxdur. Sadəcə ailə birləşməsi və ya iş yolu ilə daimi köçmək istəyənlər bunu nəzərə almalıdır.
Amerikaya viza almaq üçün addım-addım

1. DS-160 formasını doldurun
Hər şey bu formadan başlayır. DS-160 ABŞ Dövlət Departamentinin saytında onlayn doldurulur və xeyli uzundur: şəxsi məlumatlar, iş yeri, təhsil, əvvəlki səfərlər, ailə üzvləri, son 5 ildə istifadə etdiyiniz sosial şəbəkə hesabları. Forma ingilis dilindədir. Cavablar dəqiq və müsahibədə deyəcəklərinizlə eyni olmalıdır, çünki konsul müsahibədə məhz bu formaya baxır. Sonda sizə ştrix-kodlu təsdiq səhifəsi verilir, onu çap edin.
2. Rüsumu ödəyin və müsahibə vaxtı alın
2025-ci ilin mayından Bakıdakı səfirlik yeni xidmət sistemi ilə işləyir. Qeydiyyat, rüsumun ödənilməsi və müsahibə vaxtının seçilməsi ustraveldocs saytı üzərindən aparılır. Rüsum ödənildikdən sonra sistem müsahibə üçün boş vaxtları göstərir. Vaxtı seçib təsdiq məktubunu çap edin.
3. Sənədləri hazırlayın
Amerika vizasında Şengendəki kimi dəqiq sənəd siyahısı yoxdur. Məcburi olan cəmi dörd şeydir: pasport, DS-160 təsdiq səhifəsi, müsahibə təsdiqi və 5×5 sm ölçüdə ağ fonda foto. Qalan sənədlər isə sizin Azərbaycanla bağlılığınızı sübut etmək üçündür və konsul onlara baxıb-baxmamağı özü qərar verir. Aşağıdakı tam siyahını yükləyib və ya kopyalayıb özünüzlə götürə bilərsiniz.
Pasportun etibarlılıq müddəti səfər müddətindən ən azı 6 ay artıq olsa, problem yaranmır.
4. Müsahibə günü
Səfirliyə telefon, çanta və elektron cihazlarla girmək olmur, ona görə yalnız sənəd qovluğu ilə gəlin. Əvvəlcə barmaq izləri götürülür, sonra konsulun pəncərəsinə çağırırlar. Müsahibə ayaq üstə, şüşə arxasından və adətən 2–4 dəqiqə çəkir. Suallar sadədir: niyə gedirsiniz, harada işləyirsiniz, kim ödəyir, əvvəllər harada olmusunuz. Konsul çox vaxt sənədlərə heç baxmır, cavablarınıza və özünüzü necə aparmağınıza baxır. Qərar elə oradaca deyilir.
5. Pasportun qaytarılması
Viza təsdiq olunanda pasport səfirlikdə qalır və viza vərəqi vurulandan sonra qeydiyyat zamanı seçdiyiniz ünvana çatdırılır. Bu, adətən 5–10 iş günü çəkir. Bəzi hallarda konsul «inzibati yoxlama» deyilən əlavə araşdırma təyin edir, onda müddət bir neçə həftə də uzana bilər.
Müsahibədə nə soruşurlar və rədd niyə gəlir?
214(b) nə deməkdir?
Rədd cavabı alanların böyük əksəriyyətinə «214(b)» yazılmış vərəq verilir. Bu, ABŞ miqrasiya qanununun maddəsidir və mənası sadədir: konsul sizin Azərbaycana qayıdacağınıza əmin olmayıb. Qanuna görə hər turist viza müraciətçisi əvvəlcədən potensial immiqrant sayılır və əksini sübut etmək sizin üzərinizə düşür.
Konsulu inandıran əsas şey sizin Azərbaycana bağlılığınızdır. Sabit və yaxşı maaşlı iş, burada qalan ailə, mülkiyyət, bir də əvvəlki xarici səfərlərdən vaxtında qayıtmaq tarixçəsi bu bağlılığı göstərir.
Gənc, subay, işi olmayan və ya ilk dəfə xaricə çıxan şəxslərə rədd cavabı daha çox gəlir. Elə buna görə ilk xarici səfər kimi birbaşa ABŞ-a müraciət etmək çox vaxt uğursuz olur. Əvvəlcə bir neçə Avropa səfəri ilə, məsələn xarici turlar ilə pasportda tarixçə yaratmaq, sonra Amerikaya müraciət etmək daha məntiqli yoldur.
Amerikaya viza rədd edildikdən sonra nə etməli?
Amerika vizasında etiraz və ya apellyasiya mexanizmi yoxdur. Konsulun qərarı qətidir. Yeganə yol yenidən müraciət etməkdir, bunu istənilən vaxt, hətta səhəri gün də etmək olar. Amma yenidən rüsum ödəməli olacaqsınız və vəziyyətinizdə heç nə dəyişməyibsə, nəticə də çox güman ki, dəyişməyəcək. Yeni müraciəti o zaman vermək lazımdır ki, göstərəcək yeni bir şeyiniz olsun: yeni iş, yeni səyahət, dəyişmiş ailə vəziyyəti.
Bakıdan Amerikaya necə uçmaq olar?
AZAL-ın Bakı–Nyu-York birbaşa reysi 2020-ci ildən dayandırılıb və hələlik bərpa olunmayıb. Ona görə Amerikaya tranzitlə uçmaq lazımdır. Ən çox istifadə olunan variantlar İstanbul, Doha, Dubay və Frankfurt üzərindəndir. Yol ümumilikdə 15–20 saat çəkir.
Bileti viza əlinizə çatandan sonra alın, müsahibə üçün bilet tələb olunmur. Tarixlər dəqiqləşəndə Bakı–Nyu-York bilet qiymətlərini müxtəlif tranzit şəhərlər üzrə müqayisə etmək faydalıdır, çünki eyni tarixə fərq bəzən 300–400 manata çatır. Tranzit Avropa şəhərindədirsə, hava limanının tranzit zonasından çıxmayacaqsınızsa, əlavə viza lazım deyil.
Amerikaya viza haqqında tez-tez verilən suallar
Amerikaya viza neçə günə çıxır?
Bakıda müsahibə vaxtı hazırda 2 həftə ərzində tapılır, müsahibədən sonra pasport 5–10 iş günə qayıdır. Yəni bütün proses təxminən 3–4 həftə çəkir. Bu, dünyanın bir çox ölkəsi ilə müqayisədə çox sürətlidir.
Amerikaya viza neçə il etibarlıdır?
Azərbaycan vətəndaşlarına B1/B2 vizası 12 aya verilir və bu müddətdə istənilən sayda giriş etmək olar. Hər girişdə qalma müddətini sərhəddə müəyyən edirlər, adətən 6 aya qədər.
Uşaqlar müsahibəyə gəlməlidir?
Bəli. 2025-ci ilin oktyabrından yaşdan asılı olmayaraq hər kəs müsahibəyə şəxsən gəlməlidir. Uşaq üçün ayrıca DS-160 doldurulur və ayrıca rüsum ödənilir.
Sosial şəbəkə hesablarını göstərmək məcburidir?
DS-160 formasında son 5 ildə istifadə etdiyiniz hesabları qeyd etmək məcburidir, gizlətmək isə rədd səbəbi ola bilər. Profili açıq etmək tələbi hələlik tələbə və iş vizalarına aiddir, turist vizası üçün rəsmi tələb deyil. Amma konsulun baxmaq hüququ var, ona görə hesablarda səfərin məqsədi ilə ziddiyyət təşkil edən məlumat olmasın.
Amerikaya viza ilə Kanadaya və ya Meksikaya getmək olar?
Meksika etibarlı ABŞ vizası olanları vizasız qəbul edir. Kanada isə yox, oraya ayrıca viza lazımdır. Bir sıra Mərkəzi Amerika və Karib ölkələri də ABŞ vizası ilə giriş verir, amma hər ölkənin şərtini ayrıca yoxlamaq lazımdır.
Şengen vizasının olması kömək edir?
Birbaşa yox, amma dolayısı ilə çox kömək edir. Pasportda istifadə olunmuş Şengen, Britaniya və ya digər vizalar konsula göstərir ki, siz əvvəllər inkişaf etmiş ölkələrə gedib vaxtında qayıtmısınız. Bu, 214(b) şübhəsini aradan qaldıran ən güclü amillərdən biridir.
Sonda
Amerikaya viza almaqda ən vacib şey sənəd qovluğu yox, konsulu bir neçə dəqiqədə inandıra bilməkdir. Bunun üçün DS-160 səhvsiz doldurulmalı, cavablar formadakı məlumatla üst-üstə düşməli və Azərbaycanla bağlılığınız aydın görünməlidir. Rəsmi tələbləri isə ABŞ səfirliyinin viza səhifəsində izləmək olar, çünki qaydalar tez-tez dəyişir.
Viza.az komandası DS-160 formasının doldurulmasında, müsahibə vaxtının alınmasında, sənəd qovluğunun hazırlanmasında və müsahibəyə hazırlıqda kömək edir. Amerika istiqaməti və xidmət haqları barədə ətraflı oxuya və ya müraciət formasını doldura bilərsiniz.
Qeyd: Yazıdakı məlumatlar dərc olunduğu tarixə aiddir. ABŞ viza qaydaları və rüsumları tez-tez dəyişir, ona görə müraciətdən əvvəl səfirliyin rəsmi səhifəsinə bir daha baxmağı məsləhət görürük.