Azərbaycan vətəndaşları Türkiyəyə səfər üçün əvvəlcədən viza almalı deyil. İki ölkə arasındakı razılaşmaya əsasən ümumvətəndaş pasportu ilə 180 günlük dövr ərzində ölkədə 90 günədək qalmaq mümkündür. Sərhəddə etibarlı pasport tələb olunur; Türkiyə Xarici İşlər Nazirliyinin qaydasına görə pasport 90 günlük vizasız müddətdən sonra ən azı 60 gün, yəni girişdən ən azı 150 gün etibarlı olmalıdır (aviaşirkətlər çox vaxt altı ay istəyir). 2021-ci il aprelin 1-dən birbaşa səfərlərdə biometrik şəxsiyyət vəsiqəsi ilə də getmək mümkündür; vəsiqə girişdən ən azı 30 gün etibarlı olmalıdır, üçüncü ölkə üzərindən tranzitlə gedəndə isə pasport lazımdır.
Bəzi hallarda sərhəd xidməti geri dönüş bileti, otel bronu və ya səfər müddətində maliyyə imkanınızı təsdiqləyən sənəd soruşa bilər. 90 gündən artıq qalmaq, işləmək və ya təhsil almaq bu rejimə daxil deyil; belə halda yaşayış icazəsi rəsmiləşdirilməlidir. Viza tələb olunmaması səfərin planlaşdırılmasını tamamilə aradan qaldırmır.
Aviabiletin seçimi, otel bronu, transfer və marşrutun qurulması yenə də vaxt və təcrübə tələb edir. Viza.az komandası bu mərhələlərdə dəstək göstərir və səyahətinizi büdcənizə uyğun planlaşdırır. Səyahət sığortasını isə gözlənilməz tibbi xərclərdən qorunmaq üçün ayrıca tövsiyə edirik.